Sentyabrın 28-29-da Bakıda İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı (EaPEC)” keçirildi.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
GEANT-ın baş direktoru Erik Huizer və “EapConnect” layihəsinin meneceri İrina Metyu konfransda “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik”, “İKT innovasiyaları: Əşyaların İnterneti, süni intellekt və avtomatlaşdırma”, “E-səhiyyə – səhiyyə və elmi tədqiqat üçün texnologiya” və digər mövzularda məruzələr dinlənildiyini, mühüm elmi problemlərdən və onların həll yollarından bəhs olunduğunu, ətraflı müzakirələrin aparıldığını qeyd etdi.
Tədbirin “Cybersecurity for science and education” sesiyasının moderatoru və speaker-i olaraq AzEduNet-in İnformasiya təhlükəsizliyi üzrə Baş mühəndisi Bəhruz İbrahimov “Təhlükəsiz Azərbaycan Təhsil Şəbəkəsi” mövzusunda çıxış etdi. Təqdimatda Təhsil Nazirliyinin, Təhsil İdarələrinin və Şöbələrinin, orta ixtisas, ali və digər təhsil müəssisələrinin ölkənin ən böyük korporativ şəbəkəsi olan AzEduNetə bir sıra rabitə kanalları vasitəsi ilə (Fiber Optic, xDSL, 4G) qoşulmasından danışıb. Uzaqdakı istifadəçilərin korporativ şəbəkəyə təhlükə törətmədən qoşulması, korporativ şəbəkəyə hücumun aşkar edilməsi və qarşısının alınması, internet resurslarından istifadəyə nəzarət (trafikin qeydinin aparılması), electron poçtun təhlükəsizliyi, kontentin süzgəcdən keçirilməsi məsələlərinə toxunub. AzEduNet-in VoIP (Voice over IP) xidmətindən, bu sistemin zəng axını və qaydalarının hər aspektini dəyişdirmək imkanı verməsini vurğulayıb.
Bəhruz İbrahimov həmçinin Avropanın Milli Tədqiqat və Təhsil Şəbəkəsinin (NREN) kibertəhlükəsizlik ilə bağlı problemlərdən azad edərək tədqiqat, təhsil və innovasiya infrastrukturu və xidmətlərinə çıxış imkanı verməsindən bəhs edib.