Microsoft Office LTSC 2024 və Office 2024 versiyası artıq əlçatandır

Microsoft şirkəti sentyabr ayında Microsoft 365 modelinin yeni Office LTCS 2024 versiyasını təqdim edib. Yeni versiyaya Windows və macOS əməliyyat sistemləri üçün yeniləşmiş Word, Excel, PowerPoint, Outlook, OneDrive və OneNote proqramları daxildir. Microsoft Access isə yalnız Windows istifadəçiləri üçün əlçatandır. Office LTSC 2024 imkanlarından artıq Volume lisenziyaları olan korporativ və hökumət müştəriləri istifadə etmək imkanı qazanıb.

“Bir dəfə ödəniş et, daimi istifadə et” prinsipi ilə irəli sürülən Office LTCS 2024 versiyası özünün müəyyən üstünlükləri ilə bir çox istifadəçinin seçimləri arasında öz yerini tutub. Belə ki, Office LTSC 2024 abunəlik və internet bağlantısı tələb etmir. Təhlükəsizlik baxımından isə Microsoft tərəfindən 5 il müddətində qorunacağı bildirilib. Beləliklə, növbəti beş il ərzində hər hansı potensial zəiflikləri və ya qüsurları aradan qaldırmaq üçün hələ də təhlükəsizlik yeniləmələri almaq mümkün olacaqdır.

Bu üstünlüklərlə yanaşı Microsoft 365 paketinə nəzərən Office LTSC 2024 versiyasında bir sıra çatışmayan cəhətlər də vardır. Bunlara misal olaraq, yeni versiyanın Süni İntellekt funksiyalarını və özündə ehtiva etdiyi proqramlara olacaq yeniləmələri dəstəkləməyəcəyini göstərmək olar. Yerli (on-premises) məhsul olduğundan yeni versiyaya Microsoft 365 proqramlarında mövcud olan bulud əsaslı imkanlar daxil deyil. Belə ki, Office LTSC 2024 real vaxtda əməkdaşlıq, süni intellektlə idarə olunan avtomatlaşdırma və ya buludla dəstəklənən təhlükəsizlik imkanlarını özündə birləşdirmir.

1 oktyabr 2024 tarixindən etibarən isə Microsoft şirkəti bütün istehlakçılar və kiçik bizneslər üçün Office 2024 paketini təqdim etməyi nəzərdə tutub. Windows 10 və 11 və macOS əməliyyat sisteminin ən son üç versiyası üçün keçərli olan Office 2024 Microsoft hesabı və internet bağlantısı tələb edir.

Office 2024 iki buraxılışda təqdim olunub: Office Home 2024Office Home & Business 2024. Office Home 2024 buraxılışına Word, Excel, PowerPoint, və OneNote proqramları, Office Home & Business 2024 buraxılışına isə Office Home 2024-ə aid bütün proqramlarla yanaşı Outlook proqramı və bu proqramların kommersiya məqsədilə istifadə edilmə imkanı da daxildir.