4 Bakı Ekspo Mərkəzində “Yüksək Texnologiyalar Həftəsinin” öz işinə başlaması ilə əlamətdar olan 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək texnologiyalar “Bakutel 2018” sərgi və konfransının açılışı olub.
Tədbirin məhz bu tarixdə keçirilməsi 06 dekabrın Rabitə İşçilərinin Peşə bayramı ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Bakutel 2018” sərgisinin ekspozisiyası ilə tanış olublar. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim etdi.
Tədbirin təntənəli açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, “Bakutel” sərgisi sənaye mütəxəssislərinin ənənəvi görüş yerinə və regionun ən nəhəng İKT tədbirinə çevrilib. Biznes strukturlarının rəhbərləri, peşəkarlar “Bakutel” sərgisinin platformasında qlobal məsələləri həll edir, perspektiv layihələri müzakirə edir və müxtəlif qərarlar qəbul edir. Eyni zamanda, sərgidə İKT sahəsinin ən son nailiyyətləri, innovasiyalar nümayiş olunur, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları üçü şərait yaradılır. Mərasimə toplaşanları və qonaqları təbrik edən nazir tədbir iştirakçılarına uğurlu iş arzulayıb.
Beynəlxalq Telekommunikasiya İttifaqının (“ITU”) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin “ITU” İttifaqının Baş katibi Haulin Jaonun sərgi iştirakçılarına ünvanlanmış salamlama məktubunu oxuyub. Məktubda “ITU” İttifaqı tərəfindən reallaşdırılan çoxsaylı layihələrdə Azərbaycanın artan rolu və ölkəmizin sənayenin beynəlxalq miqyasda gələcək inkişafı xüsusilə vurğulanır.
“Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stron bu il əhatə etdiyi sahə üzrə 25% artım nümayiş etdirməklə, dünyanın 20 ölkəsini təmsil edən 230 şirkəti bir araya gətirmiş sərgiyə dair müsbət amillər barədə məlumat verib. Cənab Stron həm də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqına, Rabitə Sahəsində Beynəlxalq Əməkdaşlıq Birliyinə (“RSS”), sponsorlara və tərəfdaşlara təşəkkür edib.
Sərgidə rəqəmsallaşdırma, “Big Data”, M2M”, Əşyaların interneti, bank texnologiyaları, “4-5G” mobil texnologiyalar, optik lif və “bulud” texnologiyaları sahəsində xidmətlər, kiber cinayətkarlığın qarşısını almağın ən son üsulları, dövlət xidmətləri, elektron səhiyyə, süni intellekt, mobil cihaz və ləvazimatlar, “Ağıllı şəhər”, pilotsuz uçuş aparatlarını və dronları idarəetmə sistemləri və bir sıra digər sahələr üzrə həll variantları təqdim edilir.
Bu il “Bakutel” sərgisinin fəxri qonaqları arasında Rusiya, Əfqanıstan, Belarus, Bolqarıstan, İran, Qazaxıstan, Qırğızıstan, Latviya, Türkmənistan, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən nazirlər və ali qonaqlar yer alır.
“Bakutel 2018” sərgisində 10 ölkə – İtaliya, İran, BƏƏ, Belarus Respublikası, ABŞ, Sloveniya, Türkiyə, Fransa, Xorvatiya və Polşa milli stendlər ilə çıxış edir.
Azərbaycanın aparıcı dövlət İKT strukturları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilmiş bir milli stenddə təqdim edilir. Sərginin yeni istiqaməti neft sahəsindən tutmuş əyləncə sektoruna kimi müxtəlif sahələr üzrə tapşırıqları həll etmək üçün kiçik və orta sahibkarlıq subyektlərini, özəl texnologiya layihəçilərini cəlb edərək onların biznesinin inkişafına şərait yaratmaqdır. Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesə Dəstək Agentliyinin dəstəyi ilə inkişaf edir.
Bu il bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda – 50-dən artıq “startup” təmsil olunub. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyalarının tətbiqinə, veb-sayt və mobil tətbiqlərin hazırlanmasına əsaslanır.
Sərgi hər il keçirilən görüş və konfranslar ilə yanaşı “Bakutel Tech Talks” proqramının – təşkilatçıların sərgi çərçivəsində hazırladığı müzakirə platformasının keçiriləcəyini elan edir. İki gün ərzində – 5 və 6 dekabr tarixlərində “Bakutel Tech Talks” tədbiri nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsini, sənayenin yeniliklərini və istehsalat sirlərini nümayiş etdirməklə, bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edəcək.
Beləliklə, “Bakutel Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün dəbli platformaya çevriləcəkdir. Təşkilatçılar hər il sərgi çərçivəsində “Tech Talks” proqramını keçirməyi planlaşdırır.
“Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan “Azercell” şirkətidir. Sərgi öz işini 7 dekabr tarixində yekunlaşdıracaq.
Mənbə: Bakutel.az